UNDP-GEF Kura II: Advancing IWRM Across the Kura River Basin

Azərbaycanda paylayıcı su şəbəkələrində sızıntıların təyin edilməsi üçün ilk mobil tətbiq yaradılıb

22 apr 2021

22 aprel tarixində Azərbaycanda paylayıcı su şəbəkələrində sızıntıların təyin edilməsi üçün “Hydro Heroes” adlanan ilk mobil tətbiq işə salınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Azərsu” ASC ilə ortaq şəkildə IDEA İctimai Birliyi və Kür II BMTİP-QEF layihəsi tərəfindən işlənib-hazırlanan bu mobil tətbiqinin təqdimatı bütün dünyada Yer Kürəsi Gününün qeyd olunmasına təsadüf edib.

Qeyd etmək lazımdır ki, su itkisinin azaldılması üçün ictimaiyyətin səfərbər edilməsinə hədəflənmiş mobil tətbiqin yaradılması təşəbbüsü Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevaya məxsusdur. O bu təşəbbüsü 2018-ci il 5 iyun tarixində qeyd edilən Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günündə keçirilən Gənclər Forumunda irəli sürüb. Daha sonra, IDEA və Kür II BMTİP-QEF layihəsi bu cür mobil tətbiqi birgə yaratmaq qərarına gəliblər.

Məlum olduğu kimi, əksər ölkələrdə su paylayıcı şəbəkələrdə itkinin miqdarı 20-70% arasıdır. Bu isə o deməkdir ki, təmizlənmiş içməli suyun əksəriyyəti küçələrə və ictimai yerlərə sızır və təsadüfi nasazlıqlar və bu şəbəkələrdə sızmalara görə istehlakçıya heç çatmadan itirilir.  Bu isə, onsuz da qlobal istiləşmə və əhalı artımına görə getdikcə məhdudlaşan şirin su mənbələrinə olan tələbatı daha da artırır. Bu cür su itkisi suyun təmizlənmə xərclərinə görə iqtisadi məsrəfin artmasına və ictimai infrastrukturun aşınmasına gətirib çıxarır.

Suya qənaət edən “Hydro Heroes” tətbiqi Azərbaycan vətəndaşlarına su sızıntıları haqqında məlumat və şəkilləri onun dəqiq coğrafi məkanı da daxil olmaqla birbaşa aidiyyəti quruma göndərmək və bu sızıntıların aradan qaldırılmasının vəziyyəti ilə maraqlanmaq imkanı yaradır. Bu tətbiq su paylama şəbəkələrində sızmaları aradan qaldırmaq üçün reaksiya vaxtını olduqca azaldacaq və bununla da bu cür sızıntılara görə ortaya çıxan su itkisi azalacaq.

Eyni zamanda, tətbiqin su və su qənaətinə həsr edilmiş əyləncəli və tədris xüsusiyyətləri mövcuddur. Bunlara su haqqında testlər və oyunlar, Azərbaycanda Kür Hövzəsinin bəzi su obyektlərinin 360-dərəcə videoları, AR (Genişlənmiş Reallıq) funksiyası, su istehlakı kalkulyatoru və s. daxildir.

Tətbiq həm Android, həm də iOS platformalarında işləyəcək.

“Hydro Heroes” Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və “AzInTelecom” MMC-nin dəstəyi ilə işlənib-hazırlanıb.

Layihənin tərəfdaşları bütün smartfon istifadəçilərinə üz tutub, onları “Hydro Heroes” tətbiqini yükləməyə və su itkisini aradan qaldırmaq üçün istiqamətlənən bu səylərə önəmli töhfələrini verməyə çağırır.