Onlayn Təhsil Platforması işə düşdü

16 fevral 2021-ci il tarixində məktəb tələbələri və müəllimlər üçün sudan səmərəli istifadə haqqında məlumatlılığın artırılması üçün e-təhsil platformasının açılışını elan etmək üçün virtual Zoom iclası keçirilib.
E-təhsil platforması gürcü, azərbaycan və ingilis dili olaraq üç dildə http://water.envdevelopment.org/ka/home-ge/ platformasında təqdim edilib. Platforma Kür II BMTİP/QEF layihəsinin dəstəyi ilə icra edilib.
İclasa Kür II BMTİP/QEF layihəsinin milli koordinatoru Xanım Maka Julakidze moderatorluq edib. Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyində Ətraf Mühit və İqlim Dəyişikliyi şöbəsinin rəhbəri Nino Txilava salamlama nitqi ilə çıxış edib.
Daha sonra Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin nümayəndəsi Nino Kalandadze, BMTİP-nın Gürcüstan üzrə nümayəndəsi Nino Antadze və Kür II BMTİP/QEF Layihəsinin Baş Texniki Məsləhətçisi Əhməd Elseoud giriş nitqləri ilə çıxış ediblər.
“COVID-19 pandemiyasının bizə yaşatdığı çətin dövrə baxmayaraq, biz bu möhtəşəm layihəni inkişaf etdirib, bitirməyə və daha sonra ictimaiyyətə təqdim etməyə qadir olduq”, deyə Txilava paylaşıb.
“Biz bu təhsil layihəsini genişləndirməli və daha davamlı etməliyik. O, Gürcüstan və Azərbaycanın bütün ərazisinə yayılmalıdır”, deyə Elseoud qeyd edib.
Ətraf Mühit və İnkişaf (ED) QHT-də proqram meneceri Kaxa Baxtadze layihənin qısa tarixçəsini təqdim edib. Baxtadze Qori şəhəri da daxil olmaqla Gürcüstanın rayonlarında layihəni genişləndirməyə yardım edib. Qori ilin quru dövrlərində suya kəskin ehtiyac duyan quraq iqlim şəraitində suya qənaət və davamlılıq layihəsini tətbiq etmək üçün pilot şəhər kimi seçilib.
Baxtadze Qorinin layihəni həvəslə qarşıladığını söyləyib. Bir çox sektor layihədə iştirak edib: bunlara Qori Universiteti, müxtəlif məkbələr, yerli hökumət nümayəndələri, yerli su paylayıcı şirkət, müəllimlər və şagirdlər daxildir. Bundan başqa, üç yaş kateqoriyasında şagirdlər üçün məlumatlandırıcı broşuralar dərc edilib. Bunlar isə daha sonra onlayn platformanın əsasında durub.
Mindworks şirkətinin nümayəndələri Şota Murtxvaladze və Natia Gabriçidze onlayn platformanı və onun texniki təfsilatlarını təqdim edib. Platforma həm müəllimlər, həm də şagirdlər üçün nəzərdə tutulub. O, üç yaş kateqoriyasından olan şagirdlərə su ehtiyatlarının davamlı idarə edilməsinə aid kritik məsələləri hərtərəfli şəkildə anlamağa kömək edir. Bunlara mövcud olan problemlər və çətinliklər, gözlənilən nəticələr və proqnozlar və davam edən təşəbbüslər və layihələr aiddir.
“Gənclərin bilik və rəftarlarını inkişaf etdirmək xüsusilə vacibdir ki, onlar da ətraflarında real dəyişikliklərə nail ola bilsinlər. Tələbələr kursu əvvəldən sona qədər müstəqil olaraq və ya köməkçinin yardımı ilə izləyə, tapşırıqları və imtahanları yerinə yetirə, animasiya videolarını izləyə və dəyərli məlumatlar əldə edə bilərlər”, deyə onlayn platformanın həmmüəllifi Natia Gabriçidze qeyd edib.
Platforma növbəti modullardan ibarətdir: Çay hövzəsinin coğrafiyası, iqlim dəyişikliyi və su, sudan səmərəli istifadə, suda həyat, ekologiyada su və su keyfiyyətinin qorunması.
Ətraf Mühit Məlumat və Təhsil Mərkəzinin direktor müavini Yekaterin Bendeliani vurğulayıb ki, veb səhifəsinin davamlılığını qoruyub-saxlamaq və onu dövlət təhsil platformalarına inteqrasiya etmək olduqca vaciblir. Bendeliani http://www.eiec.gov.ge veb səhifəsinə rəhbərlik edir. Burada Gürcüstanın təbii ehtiyatları, əsas qanunvericilik və qaydaları, Gürcüstanın üzv olduğu konvensiyalar, iqlim haqqında onilliklər boyu toplanan faydalı məlumatlarla yanaşı bu yeni platforma da daxil edilə bilər.
Kür II BMTİP/QEF Layihəsinin Milli Koordinatoru və Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Marina Makarova daha sonra iclasın digər üzvləri ilə müzakirə və sual-cavab mərhələsinə başlayıb.
“Öyrənmə uşaqlıqdan başlayır. Ümid edirəm ki, bu layihə yalnız bizim kiçik çevrəmizlə məhdudlaşmayacaq və gələcəkdə daha da genişlənəcək”, deyə Makarova yekun nitqində bildirib.